Türkmənistanın nümayəndə heyəti Bakı Limanında olub
Bakı, 17 iyul, AZƏRTAC
Mərkəzi Asiya və Avropa arasında yük daşımaların artırılmasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, əlavə potensialların müəyyən edilməsi və yeni yük növlərinin cəlbinin təşviqi məqsədilə Türkmənistanın nümayəndə heyəti Bakı Limanında olub.
Limandan AZƏRTAC-a bildirilib ki, Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyi şöbəsinin müdiri Myrat Myradovun rəhbərlik etdiyi nümayəndə heyətinə nəqliyyat, logistika, ticarət və digər sahələr üzrə dövlət və özəl qurumları təmsil edən rəhbər şəxslər daxil olub. Qonaqlar Bakı Limanının texniki imkanları, hazırda icrası davam edən və nəzərdə tutulan infrastruktur layihələri ilə tanış olublar. Eyni zamanda, qonaqlara daşınan yük həcmi, qarşılıqlı əməkdaşlıq edilən beynəlxalq limanlar və logistika şirkətləri ilə bağlı da məlumat verilib, onların sualları cavablandırılıb.