TürkPA-nın katibliyi qurumun ötən dövrdəki fəaliyyəti barədə hesabatı təqdim edib
Bakı, 15 aprel, AZƏRTAC
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) katibliyi qurumun ötən dövrdəki fəaliyyəti barədə hesabatı təqdim edib.
AZƏRTAC xəbər verir ki, TürkPA-nın baş katibi Jandos Asanov qurumun fəaliyyəti haqqında məlumat verərək göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, əlavə edib ki, yaxın zamanda katiblik Bakıda tikilən yeni binada fəaliyyət göstərəcək.
Jandos Asanov qurumun fəaliyyətinin istiqamətlərindən danışarkən əsas hədəfin üzv dövlətlər arasında məlumat axınının, informasiya mübadiləsinin gücləndirilməsi, türk dünyasının vahid telekanalının açılması olduğunu söyləyib. Dövlətlərarası məlumat mübadiləsinin münasibətlərdə rolunu vurğulayan TürkPA-nın baş katibi bildirib ki, qurumun ekspertlər səviyyəsində görüşləri davam edir. Assambleyanın növbəti plenar sessiyası isə bu ilin payızında Qazaxıstanda keçiriləcək. Sessiyada türk dünyasının ümumi informasiya məkanının inkişafı, iqtisadi əlaqələr və üzv ölkələri düşündürən digər məsələlər müzakirə olunacaq. Assambleya üzv ölkələrdə keçiriləcək seçki proseslərində də müşahidəçi missiyası ilə iştirak edəcək.
Qeyd edilib ki, TürkPA-nın əsas məqsədi quruma üzv ölkələr arasında daimi inkişaf üçün qanunvericilik bazasının yaradılmasıdır. Bir sözlə, TürkPA türk dünyasının parlament ölçüsüdür.
Dağlıq Qarabağ münaqişəsindən danışarkən baş katib bildirib ki, bu münaqişə nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olması çox ağır məsələdir. O, TÜRKPA-nın, eləcə də ölkəsi Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, bu problemin tezliklə həllini tapmasının tərəfdarı olduğunu söyləyib.