U-23 Avropa çempionatında mübarizə aparacaq Azərbaycan güləşçiləri müəyyənləşib
Bakı, 28 mart, AZƏRTAC
Bolqarıstanın Ruse şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, martın 29-dan aprelin 3-dək davam edəcək birincilikdə 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.
Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri yarışacaqlar. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb.
Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.
Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) birincilik uğrunda mübarizə aparacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.