UEFA Çempionlar Liqası: “Qarabağ” komandası pley-off mərhələsində “Kopenhagen” ilə qarşılaşacaq VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Ağdamın “Qarabağ” komandasının bu mərhələdəki rəqibi Danimarka çempionu “Kopenhagen” klubu olub.
Turnirin qrup mərhələsinə vəsiqə uğrunda bu komandalar arasında keçiriləcək ilk oyun Bakıda, cavab görüşü isə Danimarkada olacaq.
Bu raundun ilk qarşılaşmaları avqustun 15-16-da, cavab matçları isə avqustun 22-23-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın çempionu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.