Uğur qazanmaq üçün texniki hazırlıq kifayət etmir: Tar ifaçısı Rəşad İbrahimovun sənət fəlsəfəsi
Bakı, 10 iyul, AZƏRTAC
Muğam sənətimizi tarsız təsəvvür etmək mümkün deyil. Zəngin ifa imkanları, özünəməxsus tembri və tarixi ənənələri ilə seçilən bu alət uzun illərdir Azərbaycan musiqisinin ölkə hüdudlarından kənarda tanıdılmasına xidmət edir. Bu gün tar ifaçıları beynəlxalq səhnələrdə çıxış edərək milli musiqimizin səsini dünyanın müxtəlif ölkələrinə çatdırırlar. Belə sənətçilərdən biri də bir çox beynəlxalq festivallarda, müsabiqələrdə və konsert proqramlarında iştirak edərək Azərbaycan muğamını və tar ifaçılığı ənənələrini uğurla təqdim edən Rəşad İbrahimovdur.
Təxminən 30-a yaxın ölkədə səhnəyə çıxan ifaçının növbəti uğuru Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Maqom Festivalında olub. Solisti olduğu “Simurq” Muğam Ansamblının kompozisiyası festivalda birinci yerə layiq görülüb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində ifaçı tar sənətinə olan sevgisindən, yaradıcılıq yolundan və beynəlxalq uğurlarından danışıb.
İfaçı peşə fəaliyyətinə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində başladığını, daha sonra Azərbaycan Milli Konservatoriyasında və Beynəlxalq Muğam Mərkəzində fəaliyyətini davam etdirdiyini bildirib.
O, pedaqoji fəaliyyətinin əsas məqsədlərindən birinin gənc musiqiçilərə sənəti sevdirmək, onları peşəkar ifaçı kimi yetişdirmək olduğunu vurğulayıb: “Çalışıram ki, tələbələrimə qarşılarına məqsəd qoymağı, əzmlə çalışmağı və daim inkişaf etməyi öyrədim. Onlara sənəti sevdirmək, təlim keçmək, səhnəyə hazırlamaq vacibdir. İnanıram ki, gələcəkdə onlar da öz növbəsində gənclərə dəstək olacaqlar”.
Sənətçi indiyədək təxminən 30-a yaxın ölkədə konsert proqramlarında, beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Onun sözlərinə görə, əsas məqsədi Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təbliğ etməkdir.
Gənc ifaçılara tövsiyələrini bölüşən sənətçi bildirib ki, uğur qazanmaq üçün yalnız texniki hazırlıq kifayət etmir: “Dünyagörüşü çox vacibdir. Kitab oxumaq, müxtəlif sənət sahələri ilə maraqlanmaq lazımdır. Müəllimlərimizdən biri deyirdi ki, texnikanı inkişaf etdirmək üçün yalnız məşq etmək kifayət deyil, çoxlu mütaliə etmək lazımdır. Sonradan anladım ki, insanın dünyagörüşü və intellekti artdıqca bu, onun ifasına da təsir göstərir. Gənc musiqiçilər teatr tamaşalarına baxmalı, rəsm qalereyalarını ziyarət etməli, opera və poeziya ilə maraqlanmalıdırlar. Bütün bunlar insana ilham verir. Texniki hazırlıqdan sonra mənəvi inkişaf başlayır. İfaçı həm ruhunu, həm də fiziki imkanlarını inkişaf etdirməlidir”.

Tar ifaçısı Özbəkistanda III Beynəlxalq Maqom Festivalında əldə olunan uğurun Azərbaycan musiqi məktəbinin növbəti nailiyyəti olduğunu bildirib: “İki nominasiya üzrə birinci yer qazandıq. Bunlardan biri solo nominasiyasında kamança ifaçısı Nurəddin Tağıyevin qazandığı uğur, digəri isə Kamilə Nəbiyeva ilə birlikdə ansambl olaraq əldə etdiyimiz birincilik oldu. Azərbaycan musiqi məktəbi çox güclü ənənələrə malikdir. Bunu dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu musiqi festivalları və müsabiqələrində qazandığımız uğurlarla bir daha nümayiş etdiririk”.