SİYASƏT
Ukrayna mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazıb
Kiyev, 7 sentyabr, AZƏRTAC
Ukraynanın aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “Unian”, “RBK-Ukrayna” informasiya agentlikləri, “Ukraynskaya Pravda”, “Ekonimiçeskaya Pravda” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir.
Qeyd edilir ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Dövlət başçımızın çıxışına istinadla yazılır ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var. Azərbaycan təbii qazın ən azı üç Avropa ölkəsinə ixracı ilə bağlı danışıqlar aparır ki, bu da Ukrayna ərazisi ilə həyata keçirilə bilər. Azərbaycan sadəcə olaraq Avropa ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Vurğulanır ki, Moskva və Kiyev Azərbaycan Prezidentinə əsas tranzit sazişi başa çatdıqdan sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitini asanlaşdırmaq xahişi ilə müraciət ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev