Ukrayna mətbuatı Prezident İlham Əliyevin Çinə səfərinə dair məqalələr dərc edib




Kiyev, 24 aprel, AZƏRTAC
Ukrayna mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri ilə bağlı məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyində, “UA.News”, “Ukr.net”, “Mi Ukraine” “Visokiy Zamok” və digər xəbər portallarında dərc edilən yazılarda Azərbaycan və Çin arasında strateji münasibətlərdən bəhs edilib.
AZƏRTAC-ın materiallarına istinadla dərc edilən məqalələrdə qeyd olunub ki, Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq əlaqələri qurub və bir sıra dövlətlərarası sazişlər, o cümlədən vizasız rejimin tətbiqi ilə bağlı imzalanıb. Bu barədə razılıqlar Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində əldə olunub.
Çin və Azərbaycan ölkələr arasında azad ticarət sazişi üzrə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanatda isə deyilir ki, tərəflər xalqlarının seçdiyi və milli şəraitlərinə uyğun inkişaf yolunu davam etdirməkdə bir-birini qətiyyətlə dəstəkləyir, onların əsas maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Məqalələrdə bildirilir ki, Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında keçirilən görüşdə bir sıra digər dövlətlərarası saziş və müqavilələr, o cümlədən qarşılıqlı vizadan azadolma haqqında sazişlər imzalanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev