UKRAYNA ÖVLADLIĞA GÖTÜRMƏK İSTƏYƏN ƏCNƏBİLƏRİN ƏRİZƏLƏRİNİ GƏLƏN İLİN YANVARINADƏK QƏBUL ETMƏYƏCƏK
Ukrayna bu məhdudiyyətlər sayəsində ölkədə övladlığa götürmənin nüfuzunu qaldırmaq niyyətindədir. Xanım Savçuk demişdir ki, qurum övladlığa uşaq götürmək istəyən Ukrayna ailələrinə səmərəli və fəal kömək göstərmək siyasəti aparmaq niyyətindədir. Övladlığa uşaq götürən ailələrin maddi və sosial baxımdan dəstəklənməsi Ukraynada bu sahənin səviyyəsinin artırılmasının təminatı olacaqdır.
İ.Savçuk onu da bildirmişdir ki, Dövlət Departamenti sentyabrın 1-dək yeni qanun layihəsi hazırlamağı planlaşdırır. Bu qanun layihəsində övladlığa götürən ailə yaşından asılı olmayaraq, Ukraynada uşağın doğulması zamanı ailələrə verilən birdəfəlik yardımı, habelə uşaq üç yaşına çatanadək iki yaşayış minimumu məbləğində aylıq ödəmələri almaq hüququna malik olacaqdır.
Uşaq hüquqlarının müdafiəsi, uşaq alveri, onların kommersiya və cinsi zorakılığa məruz qalmaları ilə mübarizə məsələlərinə həsr olunmuş “dəyirmi masa”da açıqlanmış statistikaya görə, Ukrayna uşaqlarını daha çox ABŞ, İtaliya və İspaniya vətəndaşları, nisbətən az Fransa, Almaniya, Kanada və İsrail vətəndaşları övladlığa götürürlər. Onlar, bir qayda olaraq, sağlam uşaqları övladlığa götürmək istəyirlər.