Ukraynada Azərbaycan Diasporunun Alimlər Şurası yaradılmışdır
Bakı, 18 iyun (AZƏRTAC). “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna ictimai təşkilatının baş ofisində Azərbaycan Diasporu Alimlər Şurasının “Ukrayna-Azərbaycan münasibətləri: elm və təhsil sahəsində əməkdaşlıq” mövzusunda təsis konfransı keçirilmişdir.
Konfransın işində Ukraynanın müxtəlif regionlarından 13 azərbaycanlı alim, o cümlədən Xarkovdan texnika elmləri doktoru, professor Murad Ömərov, Dnepropetrovskdan texnika elmləri namizədi Hafiz Aslanov və başqaları iştirak etmişlər. Şuranın tərkibində 40-dan çox azərbaycanlı alim vardır. Gələcəkdə Şura üzvlərinin sayı elm sahəsində Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında maraqlı olanların cəlb edilməsi hesabına artacaqdır.
Alimlər Şurasının işini birgə layihələrin həyata keçirilməsində azərbaycanlı alimlərin və onların ukraynalı həmkarlarının əməkdaşlığına dair aktual məsələlərin həllinə yönəltmək planlaşdırılır.
Əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev səfir Eynulla Mədətlinin təbrik məktubunu oxumuşdur. Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri konfrans iştirakçılarına müraciətində əlamətdar hadisə-Alimlər Şurasının işə başlaması münasibətilə toplaşanları təbrik etmiş, həmin Şuranın yaradılmasına təşəbbüs göstərdiyi üçün UABD-nin sədri Hikmət Cavadova təşəkkürünü bildirmişdir.
UABD-nin sədri Hikmət Cavadov çıxış edərək demişdir: “Biz Ukraynadakı həmvətənlərimiz üçün intellektual resurs, demək olar, Azərbaycan diasporunun beyin mərkəzini yaradırıq”.
“Kiyev Mogilyanskaya Akademiya” Milli Universitetinin ümumi və slavyan dilçiliyi kafedrasının professoru, tarix elmləri namizədi Fərhad Turanlı da tədbir iştirakçılarını salamlamış, Alimlər Şurasının fəaliyyətinə uğurlar arzulamışdır.
Kiyev Mili Aviasiya Universitetinin professoru Arif Quliyev demişdir: “Azərbaycanlı alimlər Ukrayna və Azərbaycanın xeyrinə çalışmaq üçün, o cümlədən diaspor təşkilatlarının iki xalqın milli maraqlarına xidmət etməsinə kömək göstərmək üçün vahid Şurada birləşirlər”.
Daha sonra üç saat davam edən diskussiya keçirilmiş və nəticədə təsis sənədləri qəbul edilmiş, yaxın müddət üçün fəaliyyət planı təsdiqlənmişdir.