Ukraynadakı erməni iftiralarına layiqli cavab
Kiyev, 22 aprel, AZƏRTAC
Son vaxtlar Ukraynadakı erməni diasporu nümayəndələrinin nəzərəçarpacaq fəallığı müşahidə edilir. Səbəbi aydındır: aprelin 24-nə - üzdəniraq “erməni soyqırımı” gününə az qalıb. Kirovoqradda yerli erməni diasporu bədnam “erməni soyqırımı” məsələsini şəhər soveti iclasının gündəliyinə daxil etməyə cəhd göstərib. Lakin Azərbaycan deputatlarının və şəhər seçicilərinin məqsədyönlü fəaliyyəti nəticəsində bu uydurma və böhtan rədd edilib. Beləliklə, Kirovoqrad vilayətində ermənilər ciddi cəhdlərinə və planlarına layiqli cavab alıblar.
Öz növbəsində Kirovoqrad vilayətinin KİV-ləri fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin birdən-birə iki məqaləsini Ukrayna dilində dərc edərək Xocalıda azərbaycanlıların soyqırımı haqqında informasiya yayıblar.
“Xocalı faciəsi - azərbaycanlıların soyqırımı” sərlövhəli birinci məqalə “Кіrovoqradskaya pravda” qəzetində, “Xocalı faciəsi - əsrin dəhşətli cinayəti” sərlövhəli ikinci məqalə isə Kirovoqrad vilayətinin Malaya Viska şəhərində nəşr olunan “Maloviskovskiye vesti” qəzetində dərc edilib.
Hər iki məqalədə Xocalı faciəsinin dəhşətlərindən, erməni cəlladlarının və başkəsənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs olunur. Məqalələrin müəllifi bütün tərəqqipərvər bəşəriyyəti etnik münaqişələrin qarşısını almaq üçün, ədalətin və sülhün təntənəsi naminə birləşməyə çağırır.
Azərbaycanın parlament üzvü belə bir nəticə çıxarır: “Babalarımızın torpaqlarına qayıdış, türk birliyinin monumental tarixinə qayıdış məhz Qarabağın azad edilməsi ilə bağlıdır. Azərbaycanın şanlı tarixinə fəxri qayıdışı həyata keçirmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək gələcək nəsillər qarşısında bizim müqəddəs borcumuzdur”.
Cavanşir Feyziyevin “Xocalı faciəsi - əsrin dəhşətli cinayəti” sərlövhəli məqaləsinin tam mətni ilə “Кіrovoqradskaya pravda” qəzetinin http://www.pravda-kr.com.ua/istorichna-pravda/2388-fejziev-khodzhalinska-tragediya-genotsid-azerbajdzhantsiv.html saytında tanış ola bilərsiniz.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev