UKRAYNALI KİKBOKSİNQ USTASI DÜNYA ÇEMPİONU TİTULUNU QORUYUB SAXLAMIŞDIR
Kiyev, 4 aprel (AZƏRTAC). Ukraynalı kikboksinq ustası, “Kayman” ləqəbli Pavel Juravlyov ən ağır çəki dərəcəsində (93 kq-dan artıq) WBKF versiyası üzrə dünya çempionu adını qoruyub saxlamışdır.
Bu titul uğrunda mübarizə Moskvada “Arbat” klubunun rinqində “dördlük” turniri çərçivəsində aparılmışdır. Püşkatmanın nəticələrinə görə turnirin yarımfinalında “Qran-Pri-2008-K-1” yarışlarının qalibi, universal döyüş üzrə ikiqat dünya çempionu, tay boksu üzrə dünya çempionu, kik-cits üzrə dünya çempionu, qaydasız döyüşlər üzrə Avropa çempionu Konstantin Qluxov (Latviya) və 2007-ci ilin Avropa çempionu, kikboksinq və savat üzrə Rusiya çempionatlarının mükafatçısı olmuş Elvin Abbasov (Rusiya) birinci qarşılaşmışlar. Əslində bu döyüşdə K.Qluxovun rəqibi çexiyalı Pavel Mayer olmalı idi. Lakin çexiyalı idmançı zədələndiyinə görə bu turnirdə iştirak edə bilməmiş və onu Elvin Abbasov əvəz etmişdir.
K.Qluxov xal hesabı ilə qələbə qazanmışdır - 1:0.
İkinci yarımfinalda köhnə rəqiblər - WBKF versiyasına görə kikboksinq üzrə dünya və üçqat Avropa çempionu, kikboksinq üzrə iki dəfə MDB çempionu, 2004-cü ildə tay boksu üzrə Tailand Kralı Kubokunun qalibi Pavel Juravlov (Ukrayna) və WBKF versiyası üzrə dünya çempionu, 2007-ci il Dünya Kubokunun qalibi, WBKF versiyasına görə kikboksinq üzrə Avropa çempionu, tay boksu üzrə dünya çempionu, qaydasız döyüşlər üzrə MDB çempionatının mükafatçısı Aleksey Kudin (Belarus) qarşılaşmışlar. 2008-ci ilin mayında dünya çempionu titulu uğrunda döyüşdə Kudin xal hesabı ilə Juravlova məğlub olmuşdu.
Ukraynalı idmançı bu dəfə də daha güclü olduğunu sübut edərək, dünya çempionu titulunu özündə saxlamışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev