Ukraynalı mütəxəssislər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar VİDEO
Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Ukraynanın Akademik Unyanov adına Fermer Təsərrüfatı arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ukraynanın Qərzəkli Meyvə Bitkiləri Assosiasiyasının vitse-prezidenti, eyni zamanda, Akademik Unyanov adına Fermer Təsərrüfatının rəhbəri Vasiliy Babanski, assosiasiyanın əməkdaşı Aleksandr Labuşnyak, Ukrayna Aqrar Elmlər üzrə Milli Akademiyasının Meyvəçilik İnstitutunun şöbə müdiri Yekaterina Udoviçenko Qubada Meyvəçilik və Çayçılıq ETİ-nin qonağı olub.
Səfər Meyvəçilik və Çayçılıq ETİ ilə tanışlıq və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıyıb.
İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova və elmi katib Zəminə Sərhədova ukraynalı qonaqlara institut tərəfindən icra olunan layihələr, xarici əməkdaşlıq əlaqələri və burada yaradılan laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Ukraynalı qonaqlar Ümumi analitik analizlər laboratoriyasına, Mikroklonal çoxaltma laboratoriyası və yeni yaradılacaq Molekulyar biologiya laboratoriyasına, İstixana kompleksinə, institutun təcrübə sahələrində yerləşən fındıq və badam bağlarına, o cümlədən tinglik sahələrinə baxış keçiriblər.
Sonra yerli fermerlər üçün “Fındıq və badam bitkilərinin intensiv texnologiyalar əsasında yetişdirilməsi” mövzusunda seminar təşkil olunub.
İnstitutun direktor müavini Sevil Süleymanova son illərdə ölkəmizdə fındıqçılıq və badamçılığın inkişafı ilə əlaqədar görülmüş işlərdən danışıb.
Ukraynalı mütəxəssislər fındıq və badam bitkilərinin intensiv texnologiyalar əsasında yetişdirilməsi mövzusunda çıxış edərək, təcrübələrini bölüşüblər.
Seminarda mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar Meyvəçilik və Çayçılıq ETİ-nin iki il əvvəl salınmış badam bağında davam etdirilib.