SİYASƏT
Ukraynalı politoloq: Prezident İlham Əliyev növbəti dəfə ukraynalılara öz yardım əlini uzadıb

Kiyev, 18 iyul, AZƏRTAC
Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri və konstruktiv qarşılıqlı fəaliyyət tamamilə yeni strateji səviyyəyə qalxır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər namizədi, politoloq Oleksi Buryaçenko söyləyib.
Ukraynalı politoloq əlavə edib: “Azərbaycanın dövlət başçısının ehtiyat fondundan Ukraynaya humanitar yardım məqsədilə 7,6 milyon dollar məbləğində vəsait ayrılması mühüm xəbər oldu. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzaladı. KİV-lərdə yayılan xəbərlərdən məlum oldu ki, müvafiq humanitar yardımın göndərildiyi istiqamətlərdən biri energetika avadanlığıdır. Qış aylarında RF-nin raket zərbələri ilə bütün generasiyanın 55 faizinin və şəbəkələrin 50 faizinin məhv edildiyini nəzərə alsaq, Ukraynanın çoxdandır ki, buna böyük ehtiyacı var”.
Onun sözlərinə görə, bu, artıq Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin ukraynalılara yardım əlini uzatması üzrə növbəti addımdır. Ukrayna tammiqyaslı hərbi müdaxilənin ilk vaxtlarından Azərbaycandan on tonlarla zəruri humanitar yüklər alıb və bu, son dəfə rusiyalılar tərəfindən Kaxovka SES-in partladılmasından sonra olub. Həmin vaxt Ukraynaya çirkli suların kənarlaşdırılması üçün kollektor boru kəməri, sualtı nasoslar, motorlu nasoslar, şişmə qayıqlar, qoruyucu kostyumlar, xilasedici jiletlər, yay və qış geyimləri göndərilib. Həmçinin ənənəvi olaraq, SOCAR-ın Azərbaycana məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsi humanitar məqsədlərlə Ukraynanı yanacaqla təmin edir”.
Politoloq sonda deyib: “Azərbaycanlılar öz torpaqlarını düşməndən azad edə bildilər, ukraynalılar da mütləq buna nail olacaqlar! Birlikdə qələbəyə doğru!”
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev