Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının xoşbəxt gələcəyini düşünüb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları institutun Heydər Əliyev muzey-lektoriyası ilə tanış olublar.
İnstitutun rektoru, professor Asəf Zamanov tədbiri açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilib. Ümummilli Lider müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi diqqət yetirib, elmi elitanın formalaşmasında müstəsna xidmət göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək ölkədə intellektual potensialın formalaşması üçün bilikli və savadlı kadrların hazırlanmasına şərait yaradırdı. Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşıb, nüfuzlu elmi məktəblər yaradılıb.
Daha sonra “Əbədiyaşar lider” və “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Ulu Öndərin dövlətimiz və dövlətçiliyimiz naminə qurub yaratdığı müasir Azərbaycanın uğurlarından söz açılıb.
Digər çıxış edənlər də Heydər Əliyev irsinin Azərbaycan xalqı üçün böyük məktəb olduğunu vurğulayıblar.
Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.