REGİONLAR
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir VİDEO
Xaçmaz, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 9-da Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların kollektivləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında danışıblar.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər görüb.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının dahi liderin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub.