Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
Bakı, 2 may, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasında səfərdə olan İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 2-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.