Ulu Öndərə həsr olunmuş "Əbədiyaşar Lider" adlı tədbir təşkil edilib
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyü, ölkəmizin bu günü, gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb. Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin ən yüksək zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazdığı və Ulu Öndərin ideyalarının əbədi olaraq yaşadığı qeyd edilib.
Bədii hissədə şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.
Sonra mərkəzin foyesində nümayiş olunan rəssam Aynur Novruzova və rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.