Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda Milli Oftalmologiya Mərkəzində çalışır
Bakı, 28 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Aysel Əkbərova olub.
AZƏRTAC DİM-in saytına istinadla layihənin növbəti iştirakçısı haqqında məlumatı təqdim edir.
Aysel Əkbərova Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.
1985-ci ildə Xankəndidə anadan olan Aysel Əkbərova Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Ağdama köçüb. Birinci sinfə Ağdamda getsə də, təhsilini tamamlaya bilməyib. 1991-ci ildə Bakıda Ağdam məcburi köçkün orta məktəbində təhsilinə davam edib. 2001-ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.
O, Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır: “2001-ci ilin yayın sonunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından zəng edildi, sədr Məleykə Abbaszadə ilə yüksək bal toplayan tələbələrin görüşünə dəvət olunduq. Görüşdə hədiyyələr verildi, onların arasında dəvətnamə var idi. Onu bu günədək saxlayıram. Düşündük ki, Prezident Administrasiyasında yüksək bal toplayan tələblərlə görüş olacaq. Nə Prezident təqaüdü alacağımız, nə də Prezidentlə görüş olacağı ağlımıza gəlmirdi. Görüşdə Ulu Öndər Heydər Əliyev tələbələrə hədiyyələr bağışlayırdı. Mənə akademik Zərifə Əliyevanın kitabını hədiyyə etdi və o kitab 22 ildir məndədir. Evə getdikdən sonra oxumağa başladım”. Aysel Əkbərova deyir ki, Zərifə Əliyevanın oftalmologiya sahəsində gördüyü elmi işlər, vəfatına qədər keçdiyi elm yolu karyerasında ona ilham verib: “2008-2009-cu illərdə Milli Oftalmologiya Mərkəzində internatura kimi fəaliyyətimə başladım. Hindistan və Türkiyədə ixtisasartırma təlimləri aldım. Hazırda Milli Oftalmologiya Mərkəzində həkim-oftalmoloq kimi fəaliyyətini davam etdirirəm. Təkcə həkimlik yox, həm də elmi fəaliyyətlə də çox sıx məşğul oluram. Çoxsaylı elmi məqalələrim var. Tez-tez xarici ölkələrdə məruzələr və elmi işlərlə klinik fəaliyyətimizi nümayiş etdirirəm. Məşğul olduğumuz dar sahə - korluğa səbəb olan, vaxtından əvvəl doğulanlarda retinopatiya xəstəliyinin həkimlər üçün diaqnostikasının tədrisini də aparıram. Elmi işim məhz bu sahəyə həsr olunub”.
Aysel Əkbərova abituriyent və tələbələrə qarşılarına qoyduqları məqsədə gedən yolda usanmamaq, yorulmamaq, əzmlə çalışmağı tövsiyə edib. Bildirib ki, hər bir parlaq gələcəyin təməli təhsildən başlayır. Ölkəmizdə, cəmiyyətimizdə təhsilə hər zaman yüksək qiymət verilir.