ELM VƏ TƏHSİL
Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda riyaziyyat və informatika müəllimidir
Bakı, 2 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbinin riyaziyyat müəllimi Günel Şahverdiyeva olub.
AZƏRTAC DİM-in saytına istinadla layihənin növbəti iştirakçısı haqqında məlumatı təqdim edir.
Günel Şahverdiyeva Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.
O, Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Bakıya köçüb. Birinci sinfə Cəbrayılda getsə də, təhsilini tamamlaya bilməyib. Bakıda Xanış Rüstəmov adına Böyük Mərcanlı tam orta məktəbində təhsilinə davam edib. 2002-ci ildə 346 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin riyaziyyat və informatika ixtisasına qəbul olub. Günel Şahverdiyeva təqaüd qazandığı illəri belə xatırlayır: “Məqsədim ali təhsil alıb öz ayaqlarım üzərində durmaq olub. Təbii ki, o şəraitdə yaşamaq istəmirdim, özümü xilas etmək istəyirdim. Atam riyaziyyat müəllimi idi və onun davamçısı olmağımı istəyirdi. Fizika müəllimim Yaşar müəllimi özümə örnək götürürdüm. Onların həyatımda rolu böyükdür. Əgər 692-693 bal toplasaydım, ümid edərdim ki, həmin Prezident təqaüdünü alaram. Amma mən universitetə 346 balla daxil olmuşdum. Ağlıma gəlməzdi ki, təqaüdü qazanam. Qardaşıma zəng gəlmişdi ki, bacın Prezident təqaüdünə layiq görülüb. Məndən çox ailəm həvəsli, həyəcanlı idi ki, övladları Heydər Əliyev kimi şəxsiyyətlə görüşəcək”.
Günel Şahverdiyeva Prezident təqaüdü qazanmasının onun məsuliyyətini daha da artırdığını deyib: “Xüsusi qayğı var idi. Qayğıdan əlavə özün dərk edirsən ki, artıq Prezident təqaüdçüsüsən, o ada uyğun hərəkət etməlisən. Daha çox çalışırsan, dərslərinə daha çox bağlanırsan ki, bu adı sonadək daşıyasan. Qürurla bu adı dörd ildə daşıdım. 2006-cı ildə universiteti bitirdikdən sonra Bakıda yerləşən Cəbrayıl rayon Vüqar Hüseynov adına Daşkəsən kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başladım. 2013-cü ildə iş yerimi akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinə dəyişdim. Burada riyaziyyat və informatika müəllimi kimi işimə davam etdim”. O, abituriyentlərə kitabla dost olmağı, daha çox çalışmağı, qarşılarındakı fürsəti dəyərləndirməyi tövsiyə edib.