Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda tibb üzrə fəlsəfə doktorudur
Bakı, 5 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı tibb üzrə fəlsəfə doktoru onkoloq-mammoloq Afət Cabbarova olub.
AZƏRTAC DİM-in saytına istinadla layihənin növbəti iştirakçısı haqqında məlumatı təqdim edir. Afət Cabbarova Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb. O, 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin İkinci Müalicə və profilaktika fakültəsinə qəbul olub.
Afət Cabbarova Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır: “Topladığım yüksək balla həyatımın tamamilə dəyişəcəyini təxmin etmirdim. Sentyabrın 3-də Prezident Administrasiyasından zəng edib görüşə çağırdılar. Mən də, ailəm də çox həyəcanlandıq. Düşündük ki, yüksək balla əlaqəli çağırırlar. Amma daha böyük hadisələr olacağını təsəvvür etmirdik. O an xatirələrimdən silinmir. Çünki o günün həyatıma da, karyerama da hər zaman təsiri böyük olub. Məktəb illərində oxuyan uşaq olmuşam. Evdə anam həkim, atam jurnalist olduğuna görə oxumaq mənim üçün prioritet olub. Ulu Öndərin Heydər Əliyevin bizimlə görüşdə çıxışı heç vaxt yadımdan çıxmaz. Gənc bir tələbənin elə bir böyük insanın dilindən tövsiyələr eşitməsi onun gələcək bütün həyatına öz möhürünü vurdu. Məsuliyyətdən əlavə, bu, bizim çəkdiyimiz zəhmətə dəyər verilməsi idi. O dəyər bizi daha artıq çalışmağa, həyatda ola biləcəyimizin ən yaxşısı olmağa sövq elədi”.
Afət Cabbarova 2016-cı ildə doktorant adını qazanıb. Elə həmin ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.
“Abituriyentlərə xəyallarının arxasına getməyi tövsiyə edirəm. Könlünüz, əqliniz hansı istiqamətə çağırırsa, onunla da məşğul olmaq lazımdır. Mən istədiyim sahəni seçmişəm deyə həyat da mənə o tərəfdən xeyli uğur bəxş edib. İstədiyim işlə məşğul olmağın xoşbəxtliyini yaşayıram”, - deyə Afət Cabbarova söyləyib.