Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycanın enerji təhlükəsizliyinə yol açıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də “Azərenerji” ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin ASC-nin inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.
Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirilib. İştirakçılar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, iqtisadiyyatın inkişafında, xalqın rifahının yüksəldilməsində, sosial problemlərin həllində elektrik enerjisi sisteminin həlledici rolunu nəzərə alan Ulu Öndər bu sahənin inkişafını daim diqqətdə saxlayırdı. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə respublika iqtisadiyyatını, o cümlədən enerji sisteminin böhrandan çıxarılması, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün davamlı tədbirlər həyata keçirib. Onun təşəbbüsü ilə inşa olunmuş çoxsaylı energetika obyektləri ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında bu gün də müstəsna rol oynayır.
Heydər Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı bütün danışıqlarda enerji problemləri, o cümlədən energetika təsərrüfatının yenidən qurulması ən vacib məsələlər sırasında dayanırdı. Danışıqlarda ümumi problemlərin həlli yollarının axtarılması ilə bərabər yenidən qurulmasına xüsusi diqqət ayrılırdı. Bütün bunlar Azərbaycanda həyat əhəmiyyətli sahələrin dinamik inkişafını təmin edib, gələcək uğurlara yol açıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət bütün sahələrdə dövlətimizin təhlükəsizliyini tam təmin edib. Eləcə də gələcəyə hesablanmış enerji siyasəti ölkəmizin dinamik inkişafına, xalqımızın rifahının daha da yüksəldilməsinə yol açıb.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə görülən işlər, qazanılan nailiyyətləri diqqətə çatdırıblar.
Sonda Ulu Öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.