Umud Mirzəyev: Füzulidə inşa edilən məktəb Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək
Bakı, 24 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Qardaşın qardaşa dəstəyi lazım olanda dəvət gözləməz. Bu da qardaşlığın ən yüksək nümunəsidir. Özbəkistan bunu ən gözəl şəkildə sərgilədi. Belə bir məktəb Daşkənddə də var. Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində dost Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunub. Bu tarixi hadisə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.
Bu barədə AZƏRTAC-a açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib ki, Füzulidə inşa olunan təhsil müəssisəsi Azərbaycandakı ən böyük məktəblərdən biri olacaq.
"Özbəkistanla münasibətlərimiz dərin tarixə malikdir. İşğaldan azad edilən torpaqlarımızda həyat yenidən, yavaş-yavaş geri qayıdır. Bu gün Azərbaycan üçün mühüm, tarixi günlərdən biridir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir", - deyə BAMF prezidenti vurğulayıb.
U.Mirzəyev qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan və Özbəkistan liderlərinin siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında münasibətlər də inkişaf etdirilib, yüksək səviyyəyə çatdırılıb və bundan sonra daha da zirvələrə qalxacaq. Füzulidə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Füzulilər, Nəsimilər, Nizami Gəncəvilər yetişdirəcək. Özbəkistan dövləti ilə əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.