Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində misilsiz xidmətlər göstərib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Milli Aviasiya Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın inkişaf yolları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı Heydər Əliyevin büstü üzərinə tər güllər düzüblər.
Konfransda çıxış edən Milli Aviasiya Akademiyasının prorektoru Afiq Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
A.Həsənov vurğulayıb ki, Heydər Əliyev tarixi şəxsiyyət və nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
Qeyd olunub ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə mühüm qərarlar qəbul olunmuşdur. A.Həsənov bu illərdə milli aviasiyanın inkişafı sahəsində də böyük uğurların qazanıldığını diqqətə çatdırıb.
Sonra tədbir iştirakçılarına Ümummilli Liderə həsr olunmuş “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.
Akademiyanın prorektoru bildirib ki, akademiyada nəqliyyatın inkişafı ilə bağlı konfransların təşkili ilboyu davam edir. Bu istiqamətdə təqdim olunan məruzələr müvafiq fakültələr səviyyəsində müzakirə olunub və Milli Aviasiya Akademiyasında elmi tədqiqat işlərinin ən yaxşı nəticələri elmi-texniki tələbə konfransına təqdim olunub.
Daha sonra konfransa təqdim olunan məruzələr dinlənilib. Tələbələr Əsəd Həsənovun “Kubsat peyklərinin dizaynı”, Nəzrin Həsənovanın “Mülki aviasiya obyektlərində cinayətlə mübarizədə üsul və metodlar”, Abdulla Mahmudovun isə “Baxış texnologiyalarında problemlər” mövzularında maraqlı məruzələri dinlənilib. Digər məruzəçilər də Azərbaycanda nəqliyyatın inkişafı və mövcud problemlər barədə danışıb.
Konfrans mayın 10-dək davam edəcək.