Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik
Bakı, 11 dekabr, Pərvanə İmanova, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.
Ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayan A.Əlizadə deyib ki, Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülüb, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilib və milli inkişafın strateji proqramı kimi qəbul olunub.
AMEA-nın prezidenti bildirib ki, Ümummilli Liderin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq uğurla həyata keçməkdədir. Dahi şəxsiyyət yaxın və uzaq hədəfləri elə dəqiqliklə müəyyənləşdirib ki, hər mərhələ öz zamanında aktuallaşır, gerçəkləşir və növbəti mərhələyə doğru inkişaf edir. Bu mənada Ulu Öndərin əbədi miras qoyduğu strateji proqram yaradıcı gücə malikdir və bu güc onun təməl prinsiplərinin əsaslarındadır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan danışılıb.
İ.Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib.
Qeyd edilib ki, bu gün Azərbaycanın inkişaf yolu ümummilli lider Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır. Minilliklərlə çətin və şərəfli dövlətçilik ənənələri olan Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf mərhələlərindən ətraflı söz açılıb.
Akademik İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafına təkan verildiyini vurğulayıb. Bildirilib ki, hazırda Prezident İlham Əliyev təməli Ümummilli Lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir.
AMEA-nın vitse-prezidenti Ulu Öndərin Naxçıvandakı fəaliyyətindən də ətraflı söhbət açıb, həmin dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində xalqımız və ölkəmiz üçün mühüm tarixi qərarların qəbul edildiyini söyləyib.
Konfransda AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyev və Azərbaycan incəsənəti”, professor Azər Mustafayevin “Heydər Əliyevin azərbaycançılıq təlimi və müasirlik” mövzusunda məruzələri dinlənilib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov və başqaları çıxış edərək dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən danışıblar.