Ümummilli Lider Heydər Əliyevin xatirəsi Tbilisidə də ehtiramla yad edilib
Tbilisi, 12 dekabr, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə də ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, ölkə parlamentinin deputatları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, yerli azərbaycanlı və gürcü icmasının nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, büstün önünə əklil və gül dəstələri düzüblər.
Daha sonra Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Ulu Öndərin anım mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə olub. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini nəinki parçalanmaqdan xilas edib, onu yeni inkişaf yoluna çıxarıb, möhkəmlədib və inkişaf etdirib.
Diplomat qeyd edib ki, Dünya Azərbaycanlılarının və bütün Türk dünyasının liderlərindən olan Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub. “Əsirin Müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın hazırlanması kimi nailiyyətlərinə görə onun adı haqlı olaraq müstəqil Azərbaycan respublikasının adı ilə birgə çəkilir. Heydər Əliyev uğurlu neft strategiyası ilə Azərbaycanı qısa müddətdə çiçəklənən bir dövlətə çevirməklə dünyanın aparıcı liderlərinin rəğbətini qazanıb.
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyevin rolunu xüsusi vurğulayan səfir deyib: “Əsrin Müqaviləsi”nin imzalanması zamanı Heydər Əliyevin mühüm enerji layihələrinin Gürcüstan ərazisindən keçməsini təklif etməsi onu Gürcüstan ilə əlaqələrə verdiyi önəmin göstəricisidir”.
Daha sonra çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin gördüyü işlər yalnız Azərbaycan xalqının deyil, region xalqlarının da rifahının yüksəldilməsi, bölgədə sülhün qorunması və gücləndirilməsində böyük rol oynayıb, xalqlar arasında dostluq bağlarının gücləndirilməsində xüsusi töhfə verib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi