ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ DAİM YAD EDİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri dekabrın 30-da burada Gəncədən gəlmiş Azərbaycan Texnologiya Universitetinin dosenti Oruc Xəlilovun ürək sözlərini qeydə almışdır: “Heydər Əliyev bütün dünya siyasətçilərinin lideri idi. Mən deyərdim ki, son min ildə nəinki Azərbaycanda və Türk dünyasında, ümumiyyətlə, dünya səviyyəsində Heydər Əliyev qədər qüdrətli siyasətçi, lider tanımıram. Ölkənin lideri, böyük şəxsiyyət həyatdan getdiyi üçün Azərbaycan xalqı kədər içindədir. Amma təsəlli tapırıq ki, Heydər Əliyevin artıq dünya siyasət aləmində tanınan layiqli yetirməsi vardır. Bu gün Azərbaycanın siyasətini Heydər Əliyevin davamçısı olan Prezidentimiz İlham Əliyev davam etdirir. Biz hamımız çalışacağıq ki, İlham Əliyevin ətrafında sıx birləşək, Heydər Əliyevin ideyalarını davam etdirək”.
Bakı Dövlət Universitetinin müəllimi Lətifə Müseyibova: “Böyük şəxsiyyətin yoxluğunu qəbul etmək çətindir. Heydər Əliyevin tarixi xidmətləri layiqincə qiymətləndirilməli, gələcək nəsillərə çatdırılmalıdır. Onun həyat və fəaliyyəti öyrənilməli, tədris olunmalıdır. Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Əsrlər keçəcək, onun xatirəsi yad ediləcəkdir. Görkəmli siyasi xadim Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın müstəqilliyini qorumalıyıq”.