ÜMUMMİLLİ LİDERİMİZİN ADININ ƏBƏDİLƏŞDİRİLMƏSİ HAMININ İSTƏYİDİR
Universitetin prorektoru Tofiq Qasımov Azərbaycanın müstəqilliyə qovuşmasında dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin xidmətlərindən ətraflı danışmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanın yenidən parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan natiq vurğuladı ki, əgər Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı başımız bəlalar çəkəcək, xalqımız müsibətlərlə üzləşəcəkdi. Bu dahi şəxsiyyətin müdrikliyi, uzaqgörənliyi bizi bəlalardan xilas etdi. Bu gün Azərbaycanın sosial, iqtisadi, siyasi sahələrdəki nailiyyətlərindən fərəhlə danışa bilərik. İqtisadiyyatımız uğurla inkişaf edir, gələcəyimizlə bağlı böyük dövlət proqramları həyata keçirilir. Bunların hamısı məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.
Universitetin xarici əlaqələr üzrə prorektoru, professor Qəhrəman Binnətli isə Azərbaycanın iqtisadiyatının, mədəniyyətinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. O bildirmişdir ki, dahi şəxsiyyət ömrünü müasir Azərbaycanın çiçəklənməsinə həsr etmişdir. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Prezident Heydər Əliyev ölkəni vətəndaş qarşıdurmasından xilas etmişdir.
Tələbə həmkarlar ittifaqı təşkilatının sədri İsrafil Məmmədov və başqaları çıxış edərək, xalqımızın ümumilli lideri Heydər Əliyevin adının əbədiləşdirilməsi haqqında təkliflərini irəli sürmüşlər.
Yığıncağın sonunda həmin təkliflərin müvafiq Dövlət Komissiyasına göndərilməsi qərara alınmışdır.