ÜMUMMİLLİ LİDERİMİZİN ANADAN OLMASININ 81-Cİ İLDÖNÜMÜ İRANDA QEYD OLUNMUŞDUR
Səfir Abbasəli Həsənov Tehranda və əyalətlərdə nəşr olunan qəzetlərin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Diplomat ulu öndərimiz Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən geniş bəhs etmiş, xalqımızın dahi oğlunun ölkəmizin tərəqqisi naminə gördüyü ölçüyəgəlməz işlərdən danışmışdır.
Səfir ümummilli liderimiz Prezident Heydər Əliyevin Azərbaycan–İran münasibətlərinin inkişafındakı tarixi xidmətlərini xüsusi qeyd edərək bildirmişdi ki, məhz böyük diplomat və qüdrətli siyasi xadim olan ulu öndərimizin fəaliyyəti nəticəsində Azərbaycan–İran əlaqələri dostluq və əməkdaşlıq münasibətlərinə çevrilmişdir. Prezident Heydər Əliyevin (2002-ci il mayın 17-20-də) İrana rəsmi səfərinin tarixi hadisə olduğunu diqqətə çatdıran səfir, bu səfərin ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyən etdiyini və dövlətlərimizin siyasi, iqtisadi və mədəni əlaqələrinin dinamik inkişafı üçün mövcud potensialın səfərbər edilməsinin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda səfir mətbuat nümayəndələrinin suallarına cavab vermişdir.