Ümummilli Liderin anadan olmasının 94 illiyi Birləşmiş Ərəb Əmirliklərində qeyd edilib
Dubay, 8 may, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və baş konsulluğunun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistanın BƏƏ-dəki diplomatlarının da qatıldığı tədbirdə çıxış edən səfir Daşqın Şikarov Heydər Əliyev şəxsiyyətinin müstəsna xidmətlərindən bəhs edib, Ulu Öndərin SSRİ və postsovet dönəmlərində Azərbaycan üçün gördüyü mühüm işlərdən danışıb. Vurğulayıb ki, məhz dahi şəxsiyyətin ardıcıl müdrik siyasəti hesabına respublikamız istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində dinamik inkişafa imza atıb, iqtisadi və sosial intibah dövrünə qədəm qoyub.
Səfir Ümummilli Liderin fitri və zehni istedadı, eləcə də təhsildə mükəmməl nəticələri sayəsində Azərbaycan SSR-yə rəhbərlik etdiyini, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində və SSRİ Nazirlər Sovetində yüksək postlar tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, məhz Ulu Öndərin qətiyyəti nəticəsində ermənilərin Dağlıq Qarabağın ilhaq edilməsi ilə bağlı planlarının puç olduğunu vurğulayıb.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərinə nəzər salan səfir D.Şikarov 1992-ci ildə hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən acınacaqlı ictimai-siyasi, iqtisadi və hərbi vəziyyət haqqında qonaqları ətraflı məlumatlandırıb. Qeyd edib ki, dahi şəxsiyyətin məhz xalqımızın təkidi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ölkəni fiziki məhvdən qurtarıb, demokratik dəyərlərin bərqərar olmasına səbəb olub və bəhrələrini bu gün də gördüyümüz hərtərəfli inkişaf yolunun, enerji strategiyasının təməlini qoyub.
Ulu Öndərin pərakəndə olan milli ordunu vahid mərkəzdə cəmləşdirdiyini deyən Diplomat bildirib ki, Heydər Əliyev ölkəmizin Avro-Atlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrinin, İslam və ərəb dünyası ilə isə tarixi münasibətlərinin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır.
Səfir Heydər Əliyev şəxsiyyətinin həm ölkə daxilində, həm də dünya miqyasında daha da geniş tanıdılması işində Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti haqqında məlumat verib.
Baş konsul Pərviz İsmayılzadə ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolundan geniş danışıb. Dahi liderin əsasını qoyduğu siyasi və iqtisadi strategiyadan söhbət açan baş konsul bildirib ki, Heydər Əliyev ölkəmizin uğurlu beynəlxalq və regional siyasətinin müəllifidir. Bu siyasət ölkəmizin qlobal səviyyədə həm siyasi, həm də iqtisadi önəmini artırıb.
Çıxışlardan sonra ulu öndər Heydər Əliyev haqqında sənədli film və IV İslam Həmrəyliyi Oyunları barədə videoçarx nümayiş etdirilib, tədbir iştirakçıları Oyunlara həsr edilən fotostendlə tanış olublar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay