ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ RUSİYADAKI HƏMVƏTƏNLƏRİMİZİ BİRLƏŞDİRİR
N.Ağamirovun sözlərinə görə, Konqresin əsas nailiyyətlərindən biri onun regional şəbəkəsinin genişləndirilməsidir. Bu gün Rusiya Federasiyasının 67 subyektində ÜAK-ın 73 regional təşkilatı var.
ÜAK-a kollektiv üzvlər kimi daxil olan Azərbaycan ictimai təşkilatlarının sayı ilbəil artır. Moskvadakı “Ocaq” cəmiyyəti, Kirov vilayətindəki “Azərbaycan-türk xalqları”, Ulyanovsk vilayətindəki “Nizami”, Dağıstandakı “Azəri-Dərbənd”, Stavropol diyarındakı “Odlar yurdu”, Kalininqrad vilayətindəki “Abşeron”, Tula vilayətindəki “Dostluq-Drujba”, Perm vilayətindəki “Dalğa”, Novosibirsk vilayətindəki “Xəzri” ictimai təşkilatları, Tver, Kostroma, Tümen vilayətlərindəki Azərbaycan mədəniyyət muxtariyyətləri və digər diaspor təşkilatlar artıq Konqresə daxil olmuşlar.
ÜAK-ın İcra aparatında keçirilən sonuncu müşavirələrdən biri Konqresin Azərbaycan ictimai təşkilatlarının birləşdirilməsi sahəsində işinə həsr edilmişdi. Konqresin himayəsi ilə Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai təşkilatlarının əlaqələndirmə şurasının yaradılması haqqında qətnamənin imzalanması müşavirənin əsas yekunlarından biri oldu.
N.Ağamirovun fikrincə, Konqresin digər əsas nailiyyəti Rusiya Federasiyasının federal dairələri çərçivəsində ÜAK-ın regional təşkilatlarının əlaqələndirmə mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərin yaradılmasından əsas məqsəd Rusiyanın regionlarında Konqresin işinin səmərəliliyini artırmaqdır.
Mərkəzlər Konqresin regional təşkilatlarının həmvətənlərimizin birləşdirilməsi sahəsində fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək, onların problemlərinin həllində regionların dövlət hakimiyyəti orqanları və ictimai təşkilatları ilə qarşılıqlı fəaliyyətini yaxşılaşdıracaqdır.
N.Ağamirov eyni zamanda bildirdi ki, ötən il Konqres üçün, əvvəldən axıra kimi, Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlamətdar olmuşdur. Bununla əlaqədar Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarını reallaşdırması üçün maksimum imkanlar yaradılmasına dair böyük təşkilat–təbliğat işi aparılmışdır.
Konqres RF Dövlət Dumasına seçkilərdə də fəal iştirak etmişdir. Rusiya azərbaycanlıları, əsasən, iqtidaryönlü “Yedinaya Rossiya” partiyasını dəstəkləmişdir. Dumaya seçilən deputatların bir çoxu məhz diasporumuzun dəstəyi sayəsində uğur qazanmışdır.
ÜAK Rusiya Federasiyasının dövlət hakimiyyəti və idarəetmə orqanları ilə sıx əlaqələr yaratmaq sahəsində də böyük iş aparmışdır. Məsələn, Konqres RF Prezidentinin Aparatı ilə sıx əməkdaşlıq etmişdir. Əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində Dumanın milli məsələlər komitəsi ilə əlaqələr qurulmuşdur. RF hökumətinin milli siyasət və miqrasiya siyasəti məsələləri ilə məşğul olan naziri V.Zorinin iştirakı ilə ÜAK-ın daimi fəaliyyət göstərən müşavirəsi işə başlamışdır. Müşavirələrdən biri RF-nin miqrasiya siyasəti və ÜAK-ın Azərbaycandan olan miqrantların problemlərinin həlli sahəsində fəaliyyəti məsələlərinə həsr olunmuşdur. Müşavirənin yekunlarına əsasən bir sıra qərarlar, o cümlədən Rusiya DİN-in federal miqrasiya xidməti ilə əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlı qərar qəbul olunmuşdur. Bundan əlavə, ÜAK-ın İcra aparatında Rusiyanın miqrasiya xidməti orqanları ilə birgə kompleks tədbirlər hazırlanması sahəsində iş davam edir.
Moskva hökuməti ilə, xüsusən təhsil, mədəniyyət sahələrində və digər humanitar istiqamətlərdə çox yaxşı münasibətlər yaranıbdır. N.Ağamirov bu yaxınlarda Konqresin fəalları ilə görüşmüş Moskvanın meri Yuri Lujkovun xüsusi dəstək və qayğı göstərdiyini vurğuladı. ÜAK vitse-prezidentinin sözlərinə görə, Moskva hökuməti ilə əməkdaşlıq haqqında razılaşma əldə edilmişdir və bunun üçün saziş imzalanmasına hazırlıq görülür.
ÜAK RF Daxili İşlər Nazirliyinin və Prokurorluğunun rəhbərliyi ilə də sıx əməkdaşlıq şəraitində işləyir.
Ötən il Konqresin nəzdində həmvətənlərimizin Hüquqi müdafiəsi mərkəzi real surətdə fəaliyyət göstərməyə başlamışdır. Burada işləyən təcrübəli hüquqşünaslar həmvətənlərimizin qarşılaşdıqları bir çox hüquqi və mülki məsələlərin həllinə kömək edirlər. Lazım gəldikdə, Mərkəz milli mənsubiyyətlə bağlı problemlərə öz münasibətini bildirir və onların təxirəsalınmadan həllinə nail olur. Gələcəkdə onun Rusiya bölgələrində də filiallarını açmaq nəzərdə tutulur.
Ötən il ÜAK mədəni tədbirlərin keçirilməsini davam etdirmişdir. Bu tədbirlər tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil, mədəniyyət və milli ənənələrinin qorunub saxlanmasına kömək göstərir.
Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində də tədbirlər görülmüşdür.
ÜAK-ın vitse-prezidenti Natiq Ağamirov sonda dedi: “Ümumiyyətlə, ötən il ərzində görülmüş işlərə yekun vuraraq, söyləyə bilərəm ki, bunlar bir çox cəhətdən uğurlu olmuşdur, ən başlıcası isə, Rusiyadakı azərbaycanlıların həmrəyliyi və sıx birliyinə nail olmaq sahəsində yaxşı nəticələr əldə edilmişdir. Əlbəttə, bu prosesin sonu yoxdur, o, daim davam etdirilməlidir. Lakin Rusiyada yaşayan azərbaycanlıların, RF subyektlərində onların mənafelərini təmsil edən təşkilatların ÜAK ətrafında getdikcə daha sıx birləşməsi faktı danılmazdır. Bu istiqamətdə işlərin təkmilləşdirilməsi bundan sonra da ÜAK-ın fəaliyətinin öncül istiqamətlərindən biri olacaqdır”.