UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavriat səviyyəsinə qəbul üzrə birinci mərhələnin nəticələri açıqlanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, ümumi qəbul planı 99,81 faiz yerinə yetirilib. Belə ki, 3755 yerdən 3748-nə tələbə qəbulu həyata keçirilib. II, IV və V ixtisas qruplarında yerlər 100 faiz, I qrupda 99,59 faiz, III qrupda isə 98,52 faiz dolub.
Tədrisi ingilis, rus və türk dillərində aparılan fakültələrdə qəbul planı üzrə yerlər 100 faiz, Azərbaycan dili üzrə isə 99,88 faiz dolub.
Sevindirici haldır ki, bu il 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayı keçən illə müqayisədə 89.4 faiz artaraq, 409 nəfərə çatıb. Ölkə üzrə 600-dən çox bal yığanların 14.4 faizi isə məhz UNEC-i seçib.
600-dən yüksək bal toplayan 409 nəfərin 226-sı (ölkə üzrə 21.2 faiz) I qrupun, 183 nəfəri (ölkə üzrə 65.4 faiz) isə II qrupun payına düşüb.
İlk dəfə olaraq, 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olan I qrup tələbələrinin sayı II qrup tələbələrinin sayından 24 faiz çox olub. Həmin tələbələrin 171 nəfəri Azərbaycan, 227 nəfəri ingilis, 11-i isə rus bölməsinə daxil olub.
UNEC-ə qəbul olan bütün tələbələrin 30 faizi 500-dən çox bal, 13 faizi isə 300-dən az bal toplayan abituriyentlərdir.
Bu il UNEC-ə orta keçid balı 446 olub. Bu göstərici ingilis dilində təhsil üzrə 635, Azərbaycan dili üzrə 440, rus dili üzrə 417, türk dili üzrə isə 385 təşkil edib. Eləcə də I qrup üzrə orta keçid balı 495, II qrup üzrə 452, III qrup üzrə 443, IV qrup üzrə 296 və V qrup üzrə (UNEC-də qabiliyyət imtahanı keçirilmir) 232 bal olub.