UNEC-in maliyyə hesabatı dinlənilib
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasında 2022-ci il ərzindəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılovun hesabatı dinlənilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Hesabatda bildirilib ki, 2023-cü il tarixindən tətbiq edilmiş əməkhaqqı artımından sonra hazırda UNEC üzrə orta aylıq əməkhaqqı 1296 manat, pedaqoji heyət üzrə orta aylıq əməkhaqqı isə 1486 manat təşkil edir. Saathesabı dərslər üzrə də əməkhaqqı artırılıb. 2022/2023-cü tədris ilindən etibarən bir saata görə ödənilən əməkhaqqı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 27 manat, UNEC Biznes Məktəbi, Beynəlxalq İqtisadiyyat Məktəbi və “SABAH” Mərkəzi istisna olunmaqla digər fakültə, məktəb, mərkəz və kafedralar, eləcə də yay semestri üzrə professor və ya elmlər doktoru üçün 15 manat, dosent və ya fəlsəfə doktoru üçün 12 manat, elmi dərəcəsi və elmi adı olmayanlar üçün 9 manat müəyyən edilib.
UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətindəki strateji hədəflərinə uyğun olaraq, tədqiqatların stimullaşdırılması məqsədilə nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4500 manatadək pul mükafatı verilib. Ötən ildə UNEC əməkdaşlarına nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrə görə ümumilikdə 288,3 min manat mükafat ödənilib.
Bildirilib ki, 2022-ci ildə UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi məqsədilə ilk dəfə olaraq qrant müsabiqəsi keçirilib. Müsabiqəyə UNEC büdcəsindən UNEC Tədqiqat Fondu ilə birgə 150 min manat maliyyə vəsaiti ayrılıb.
Təhsilin demokratikləşdirilməsi məqsədilə UNEC-də yaradılmış hibrid auditoriyaların sayı 2022-ci ildə 100-ə çatdırılıb.
Hesabatda UNEC-də ən müasir avadanlıqla təchiz edilmiş rəqəmsal nəşriyyatın qurulduğu da qeyd olunub. Yeni nəşriyyatda yüksəkkeyfiyyətli çap məhsullarının, kitabların, şəkil və müxtəlif promoməhsulların hazırlandığı bildirilib.