UNESCO QHT komitəsinə yeni prezident seçilib
Bakı, 23 dekabr, AZƏRTAC
Parisdə UNESCO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda fransalı Mari Klaudi Machon-Honore UNESCO QHT komitəsinin yeni prezidenti seçilib. O, bundan əvvəl "BPW International" təşkilatının UNESCO-da nümayəndəsi və UNESCO QHT Komitəsinin idarə heyətinin üzvü olub.
Seçki kampanyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Mari Klaudinin UNESCO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım UNESCO ilə Azərbaycan QHT-ləri arasında əməkdaşlığı dəstəkləyir.
“Mari Klaudi ilə 2014-cü ildə UNESCO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi “Aşıq Şəmşir” Mədəniyyət Ocağını UNESCO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Budəfəki seçki kampaniyasında fəal iştirak etdik. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən UNESCO komitəsinə QHT sektorunda təcrübəli namizəd prezident seçildi”.
Xatırladaq ki, UNESCO QHT komitəsi 2011-ci ildə qurumun Baş Assambleyasında qəbul edilən "UNESCO-nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir.