“Uşaqlar üçün laboratoriya” suyun həyatımızdakı roluna həsr olunub
Bakı, 10 iyul, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Budəfəki təlim suyun həyatımızdakı roluna və planetimiz üçün əhəmiyyətinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün əhəmiyyətindən bəhs edilib. Tədbirdə iştirak edən azyaşlılar suyun qorunması və ona qənaət edilməsi, eləcə də, su hövzələrinin təmiz saxlanması yolları ilə tanış olublar.
Gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik viktorinalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak ediblər. Təlim iştirakçılarına tullantıların idarə edilməsi sahəsində bilgi vermək məqsədilə istifadə edilmiş materiallardan eko-çantalar hazırlamaq üsulu nümayiş olunub.
Təlim suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmək, ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlılara öyrətmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Sonda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının nümayəndələri iştirakçılara xatirə hədiyyələri təqdim ediblər.