Vadim Vasilyev: İnanıram ki, “Neftçi” tezliklə əvvəlki əzəmətini qaytaracaq
Bakı, 18 mart, AZƏRTAC
“Ümid edirəm və inanıram ki, “Neftçi” yaxın gələcəkdə Azərbaycan futbolunda özünü doğruldacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev keçmiş komandası olan “Neftçi”nin yaranmasının 88 illiyi barədə danışarkən deyib.
Veteran hücumçu Bakı təmsilçisinin onun üçün çox böyük anlam kəsb etdiyini bildirib: “Bu klub mənim üçün hər şey deməkdir. Hər kəs mənim bu komandada necə can qoyduğumu bilir. Uşaqlıqdan “ağ-qaralar”ın fanatı olmuşam. “Neftçi”nin oyunlarını izləyə-izləyə böyümüşəm. Komanda hər dəfə qalib gələndə tüklərim biz-biz olurdu. “Neftçi” sayəsində futbola həvəsim yarandı. Uşaq ikən bu komandanın heyətində yer almaq arzusunda idim. Şükürlər olsun ki, arzumu reallaşdıra bildim. Həmin vaxtlar sevincimin həddi-hüdudu yox idi. Bu klubda çox gözəl günlər keçirmişəm”.
O, tezliklə komandanın əvvəlki əzəmətini qaytaracağına inandığını vurğulayıb: “Bunun üçün müəyyən işlər görmək lazımdır. Doğma komandamın təxminən 2-3 il ərzində nəinki ölkə çempionatında, Avropada da öz sözünü deyəcəyinə inanıram”.
Qeyd edək ki, Vadim Vasilyev “Neftçi”nin heyətində 2003-2004-cü illər mövsümündə Azərbaycan çempionu olub. O, həmin mövsümün sonunda 17 qolla komandanın bombardiri adına sahib çıxıb. Keçmiş futbolçu 1999-2002-ci illərdə isə iki dəfə ölkə çempionatının gümüş, bir dəfə bürünc medalını qazanıb.