Vasif Hüseynov: Ermənistan regiondakı sülh proseslərinə mane olmamalıdır

Bakı, 20 iyul, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən ədavətə son qoyulması, əlaqələrin normallaşması və sülhün təmin edilməsi üçün tarixi şərait yaranıb. İki dövlətin liderlərinin ardıcıl görüşləri, xarici işlər nazirləri səviyyəsində ilk birbaşa təmasın təşkili, sərhədlərin delimitasiyası üçün komissiyanın yaradılması, kommunikasiyaların açılması məqsədilə işçi qrupunun fəaliyyətinin davam etdirilməsi və digər məqamlar bölgədə sülh və təhlükəsizliyin təminatı üçün münbit şərait yaradır. İyulun 19-da Ermənistan rəhbərliyinin bu dövlətə məxsus hərbi qüvvələrinin Qarabağdan çıxarılması haqqında bəyanatı da mühüm hadisə idi. Bununla belə, təəssüf ki, hətta bu bəyanatın özündə də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mesajlar əksini tapır.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov söyləyib.
Politoloq qeyd edib ki, biz rəsmi İrəvandan digər məsələlərdə də bu cür qeyri-konstruktiv yanaşmaları müşahidə edirik. Məsələn, ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi haqqında reallıqdan uzaq gözləntilərin dəfələrlə səsləndirilməsi onu göstərir ki, Ermənistan rəhbərliyi hələ də 44 günlük Vətən müharibəsindən sonrakı reallıqları tam dərk etməyib və ya onu qəbul edə bilmir. Belə bir yanaşma nümayiş etdirmək əlbəttə ki, ilk növbədə, Ermənistanın özünə zərər verir. Bu kontekstdə qeyd edilməlidir ki, rəsmi İrəvanın qeyri-konstruktiv siyasəti nəticəsində hələ də bölgədə nəqliyyat xətlərinin açılması istiqamətində ciddi irəliləyiş əldə olunmayıb.
“Dövlətimizin başçısı iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir daha bu məsələni qeyd edərək, Ermənistanın hələ də Zəngəzur dəhlizi boyunca dəmir və avtomobil yolunun tikilməsi üçün işlərə başlamadığını bildirdi. Bu, əlbəttə ki, çox təəccüblü bir vəziyyətdir, çünki nəqliyyat xətlərinin açılması, ilk növbədə, Ermənistan üçün vacibdir. 1990-cı illərdən etibarən düşdüyü regional təcrid vəziyyətində Ermənistan iqtisadiyyatı bütün inkişaf imkanlarından məhrum olub. Nəqliyyat yolların bağlı qaldığı müddətdə isə bu ölkədə heç bir ciddi iqtisadi inkişaf gözlənilmir. Bununla belə, miflərə əsaslanan “böyük Ermənistan” xülyası bu ölkəyə imkan vermir ki, qonşuları ilə münasibətlərini nizama salsın və bu təcrid vəziyyətindən xilas olsun”, - deyə Vasif Hüseynov vurğulayıb.