Vaşinqtondakı tarixi sülh razılaşması Malayziya mətbuatında geniş işıqlandırılıb
Pekin, 10 avqust, AZƏRTAC
Malayziyanın aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Malayziyanın ən böyük xəbər agentliyi olan BERNAMA dövlət informasiya agentliyi və bütün Cənub-Şərqi Asiyada yayımlanan “New Straits Times” qəzeti, “Malay Mail”, “Free Malaysia Today” "Astro Avani", “The Edge Malaysia” və s. nüfuzlu onlayn xəbər portalları Ağ Evdə keçirilən üçtərəfli görüşdə liderlərin uzunmüddətli sülhün bərqərar olması barədə razılığa gəldiklərini yazıb. Xəbərlərdə, iki ölkə arasında üç onillikdən artıq bir müddətdə davam edən münaqişənin başa çatmasının, kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa yolun açılması üzrə razılığın əldə edilməsi xüsusi vurğulanır, bununla da bütövlükdə regionda sülh və əməkdaşlığın bərqərar olması üçün şəraitin yarandığı qeyd olunur.
Həmçinin bu tarixi razılaşmanın əldə edilməsi istiqamətindəki rolu nəzərə alınaraq, Prezident İlham Əliyev tərəfindən Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təşəbbüsü ilə çıxış etdiyi və bu təşəbbüsün Ermənistanın Baş naziri tərəfindən də dəstəkləndiyi bildirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin