Vatikan arxivlərində saxlanan Azərbaycan əlyazmalarına aid kitab rus dilində nəşr edilib
Bakı, 10 iyul, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum alimi, tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar” (“Farid Alekberli. Rukopisi, svyazannıye s Azerbaydjanom v arxivax Vatikana”) kitabı rus dilində nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı Azərbaycan dilindən rus dilinə böyük elmi işçi İradə Vəzirova və elmi işçi Nigar Məmmədova tərcümə ediblər.
Kitabda Vatikanın Məxfi Arxivində və Apostol Kitabxanasında mühafizə olunan Azərbaycan əlyazmaları və tarixi sənədləri haqqında ilkin elmi məlumatlar təqdim edilib. Bu materiallar nəşrin müəllifi Fərid Ələkbərli tərəfindən 2010–2014-cü illərdə Vatikana həyata keçirilmiş elmi ezamiyyətlər zamanı toplanıb. Ezamiyyətlərin əsas məqsədi Vatikanın zəngin arxiv və kitabxana fondlarında Azərbaycan tarixi və mədəni irsi ilə bağlı sənədlərin aşkar olunması və onların elmi-tədqiqata cəlb edilməsi olub. Araşdırmalar nəticəsində Vatikanın Məxfi Arxivində 700-dən çox sənəd öyrənilib və onlardan Azərbaycan tarixinə aid 85 sənəd müəyyənləşdirilib. Eyni zamanda, Vatikan Apostol Kitabxanasında 400-dən çox qədim əlyazma tədqiq edilib, orta əsrlər Azərbaycan müəlliflərinə məxsus 80 əlyazma əsəri aşkar olunaraq elmi dövriyyəyə təqdim edilib.
Nəşrin elmi redaktoru tarix elmləri doktoru, dosent Rəna Məmmədova, rəyçiləri isə filologiya elmləri doktoru, dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Xatirə Kərimovadır.