Vaxtanq Şakarişvili: Azərbaycan əməkdaşlıq üçün əlverişli platformaların yaradılması məqsədinə sadiqdir
Tbilisi, 15 iyul, AZƏRTAC
Azərbaycan hakimiyyəti Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, əməkdaşlıq üçün əlverişli platformaların yaradılması məqsədinə sadiqdir. IV Şuşa Qlobal Media Forumunu da məhz bu istiqamətdə qiymətləndirmək olar. Bu tədbir regionda əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsi üçün əlavə bir komponent, daha bir addım olacaq. Forumda "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu müzakirə olub. Bu gün bu məsələ həqiqətən çox aktual və vacib məsələdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Vaxtanq Şakarişvili söyləyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, əməkdaşlığa və sülhün yaradılmasına köklənməli olan beynəlxalq təşkilatların lüğətindən sanki “sülh” sözü çıxarılıb. Hər şey Ukraynadakı müharibənin davam etməsi və onun sərhədlərinin genişlənməsi üçün edilir.
Cənubi Qafqaz da bu məqsədlə həmin beynəlxalq təşkilatların, o cümlədən Avropada təhlükəsizlik məsələləri ilə məşğul olan qurumların diqqətində olan regionlardan biridir.
Buna baxmayaraq, biz görürük ki, regionda sülh var və ən vacib məqam da budur ki, Azərbaycan bu məsələdə əsas aparıcı rol oynayır.
"Biz birlikdə çalışırıq ki, regiona sülh gətirək, ölkələrimizə sülh gətirək və bununla da əməkdaşlıq, kooperasiya, inkişaf istiqamətində daha böyük addımlar ataraq irəliləyək.
Əlbəttə ki, əsas məqsədlərdən biri də regionumuzda sülhün qorunması və daha da möhkəmləndirilməsidir", - deyə Şakarişvili bildirib.