“VEKTOR” TƏLTİF EDİR
Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə mərkəzin prezidenti, professor Elçin İsgəndərzadə açmışdır. Onun təklifi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra mükafatlar təqdim olunmuşdur.
Şairlər Yavuz Bülənd Bakilər, Çingiz Əlioğlu, Əlisəmid Kür, tənqidçilər Əsəd Cahangir və Oqtay Hacımusalıya Şahmar Əkbərzadə adına Beynəlxalq mükafat, “Dədə Qorqud ocağı” qurumuna Şahmar Əkbərzadə adına Diplom, riyaziyyatçı alim Şahlar Məhərrəmova Xudu Məmmədov mükafatı, şair Adil Mirseyid, AZƏRTAC-ın müxbiri, publisist Sabir Şahtaxtı, folklorşünas Cəlal Bəydili və yazıçı İsa Kayacana “Türk dünyasına xidmət” Beynəlxalq diplomları verilmişdir.
Yazıçı-şair Valeh Sefiyevin “Qalib gələcəkdir cahanda kamal” əsəri “İlin kitabı” elan olunmuşdur.
Antalya (Türkiyə) valisi, mədəniyyət xadimi Bahaeddin Güney, musiqişünas Halil Atılqan, iş adamı Azad Nağıyev və tarixçi alim Nazim İbrahimova mərkəzin Fəxri doktoru adı verilmişdir. Fəxri doktor diplomlarını Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz təqdim etmişdir.
“Türk dünyasına xidmət” Beynəlxalq diplomunun laureatı Sabir Şahtaxtı mərasimdə çıxış edərək demişdir ki, qızıl nə qədər qiymətli olsa da, torpağın altında olanda heç kimə fayda vermir. Mən və digər laureatlar dahi rəhbərimiz Heydər Əliyevin qayğısı sayəsində öz potensialımızı aça bilmişik. Bu mənada təqdim olunan diplomların əsl sahibi Prezident Heydər Əliyevdir. 2003-cü ilin yekunlarına görə bizi - yaradıcı adamları fərqləndirib mükafatlandıran “Vektor” Beynəlxalq Elm Mərkəzi də məhz Prezident Heydər Əliyevin ölkəmizdə təmin etdiyi sabitlik şəraitində yaranmış və təşəkkül tapmışdır. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. Mən Sumqayıt hadisələrindən bəhs edən “Xaç əməliyyatı” adlı sənədli-siyasi-tarixi əsərimə görə mükafatlandırılmışam. Əlbəttə, mən bu əsəri yazanda heç bir mükafat haqqında düşünmürdüm. Məqsədim əbədi düşmənimiz ermənilərin iç üzünü açmaq, onların Azərbaycanımız barədə məkrli planlarını ifşa etmək idi. “Vektor”a minnətdaram ki, zəhmətimi qiymətləndirib. Bu məni yeni yaradıcılığa ruhlandırır. Tezliklə “Mafiya şahid saxlamır” beşcildliyimlə rəğbətini qazandığım hörmətli oxucularımı silsilənin davamı olan “Qansız qətlin qan izləri” kitabımla sevindirəcəyəm.
Xatırladaq ki, “Vektor”un laureatları il ərzində qurumun mətbəəsinin 1000 ABŞ dolları məbləğində texniki xidmətindən istifadə edə bilərlər. Yaradıcı şəxslər üçün böyük köməkdir.