Velosiped idmanı üzrə Azərbaycan çempionatının ikinci mərhələsi keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının ikinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
Kiçik yaşlı qızların mübarizəsində 8 nömrəli Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov rəqibləri üçün əlçatmaz olublar. U-23 və elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi və “Lokomotiv” klubunu təmsil edən Aqşin Bağırlı birinci yeri tutub.