Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğum günü onun adını daşıyan küçədə qeyd olunub
Bakı, 14 avqust, AZƏRTAC
İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğum günü ilə əlaqədar onun adını daşıyan küçədə, şəhidin xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən, həmin döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Fərid Əliyevin ömür və döyüş yolundan bəhs olunub.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olan Fərid Əliyev göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.