REGİONLAR
Vətənə həsr edilmiş şərəfli kəşfiyyatçı ömrü VİDEO
Beyləqan, 4 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Vətənə həsr edilən ömür və şəhidlik zirvəsi ilə sonlanan şərəfli həyat yolu. Ömrünün 13 ilini torpaqlarımızın keşiyində dayanan şəhid kəşfiyyatçı Vasif Məhərrəmov Vətənini hər şeydən çox sevərdi...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhərrəmov Vasif Üzeyir oğlu 1989-cu ilin fevralında Beyləqanın Milabad kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusunda idi. Elə bu amalla yaşayan Vasif 2007-ci ildə Vətənə xidmətə də ruh yüksəkliyi ilə yollanmışdı. Hərbi xidmət zamanı fərqlənmiş, fəxri fərman və diplomlarla təltif edilmişdi. Vasif həqiqi hərbi xidmətini bitirsə də, yenidən ordu sıralarında qalaraq Vətənin keşiyini çəkməyə qərar verdi. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Vasif bir çox xüsusi təlimlərdən də uğurla keçmişdi. O, xüsusi təyinatlı kəşfiyyat bölməsində kəşfiyyatçı kimi Vətənə xidmətini davam etdirməyi özünə şərəf bildi.
Şəhid anası Züleyxa Məhərrəmova deyir ki, Vasif üçün Vətən ana demək idi. Ən böyük arzusu isə torpaqlarımızı düşmən tapdağından azad etmək idi: “Vasifin ilk döyüşü Aprel zəfərindən başladı. Elə həmin döyüşlərdə düşmənin qorxulu kabusuna çevrildi. İkinci Qarabağ müharibəsi zamanı da oğlum ilk döyüşə girənlər sırasında yer aldı. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa döyüşlərində şücaəti ilə seçildi. Hər zaman zəfər arzusu ilə yaşayan Vasif bu istəyinə də nail oldu”.
Vasif döyüşlər zamanı bir neçə dəfə yaralanıb, lakin yaralı halda belə döyüş meydanını tərk etməyib. Əmisi Nazim Məhərrəmov bildirir ki, Vasif Qələbədən sonra da qalib ordunun qalib hərbçisi kimi Vətənin keşiyində xidmətini davam etdirib. “2020-ci il dekabrın 31-də ailəsi ilə görüşdü. Sonra müharibə vaxtı itkin düşən döyüşçü yoldaşının nəşinin aşkar olunduğu Qubadlı ərazisində Qanlıtəpə adlanan yerə yollandı. Dostunun nəşini götürmək istəyərkən düşmənin basdırdığı minaya düşərək şəhidlik zirvəsinə ucaldı. İndi Vasifin Vətənə əmanət olan iki övladı yadigar qalıb. Onlar da atası kimi vətənpərvər ruhda böyüyürlər”, - Nazim Məhərrəmov deyir.
Vasif Məhərrəmov xidməti dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 və 100 illik medalları ilə, "10 il Qüsursuz xidmətə görə", həmçinin "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə medalları ilə təltif edilib.