Vüsal Qasımlı: İnvestorlar Ermənistana sərmayə yatırmaqla militarist iqtisadiyyatı dəstəkləməməlidirlər
Bakı, 12 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Ermənistanda və onun işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən şirkətlərə müraciət edib.
AZƏRTAC xəbər verir ki, V.Qasımlı Ermənistana və işğal altındakı torpaqlara yatırılan sərmayələrin Azərbaycan ərazisinin 20 faizinin işğalda saxlanılması, dinc əhalinin qətliamı və mülki infrastrukturun sıradan çıxarılmasına xidmət etdiyini bildirib: “Ermənistanın qurduğu militarist iqtisadiyyatı maliyyələşdirmək biznes mədəniyyətinə və beynəlxalq hüquqa ziddir. Xarici borcun yüksək olması, tədiyə və icmal balansdakı defisit, kredit reytinqinin “yerlə sürünməsi” və iqtisadi artım tempinin aşağı düşməsi, habelə xarici investorlarla hökumət arasında mütəmadi çəkişmələr Ermənistana sərmayə yatırmaq istəyən iş adamlarına bir siqnal olmalıdır. “Fitch” reytinq agentliyi Ermənistan iqtisadiyyatının 2020-ci il sonunadək 6,2 faiz daralacağı, həmçinin ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 63,9 faizədək yüksələcəyi və 2021-ci ilin sonunda isə 65,6 faizədək artacağını proqnozlaşdırır”.
V.Qasımlının sözlərinə görə, dənizə birbaşa çıxışının olmaması, əsas bazarlardan uzaqlığı, aqressiv siyasəti səbəbindən nəqliyyat-logistika layihələrindən kənarda qalması və sərhəd məhdudiyyətləri bu ölkəni sərmayələr üçün perspektivsiz dalana çevirib: “Son 6 ildə cəmi 1,6 milyard ABŞ dolları birbaşa xarici sərmayə cəlb olunub ki, bu da regionda ən aşağı göstəricidir. Çünki sərmayədarların axtardığı effektivlik, resurs, strateji aktivlər və ixtisaslaşmış işçi qüvvəsinin heç biri Ermənistanda kifayət qədər deyil. Xüsusən -5,6 xalis miqrasiya əmsalı, depopulyasiya, doğum əmsalının aşağı düşməsi və əhalinin orta yaşının artması Ermənistanı demoqrafik böhran və işçi qüvvəsi çatışmazlığı ilə üzbəüz qoyub. Monoetnik dövlət halına gəlmiş, irqçilik siyasəti yürüdən və faşizmi dövlət ideologiyası səviyyəsinə qaldıran Ermənistanda xarici sərmayədarların yaşayıb-işləməsi də çətindir.”
İİTKM-in icraçı direktorunun müraciətində deyilir ki, beynəlxalq arenada Azərbaycan Respublikasının (BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri ilə) ərazisi kimi tanınan torpaqlarda Azərbaycan hakimiyyətinin razılığı olmadan məskunlaşmanın aparılması, faydalı qazıntıların çıxarılması, müxtəlif sahələrdə iqtisadi fəaliyyətin göstərilməsi hüquqi məsuliyyət yaradır: “Ermənistanın beynəlxalq təzyiqlərə baxmayaraq, “Metsamor” AES-i işlətməsi, Araz çayını çirkləndirməsi, Sərsəng su anbarından ekoloji silah kimi istifadə etməsi və işğalda saxladığı ərazilərdə təbiəti məhv etməsi bu dövlətin ətraf mühit üçün vurduğu açıq ziyandır. Buna görə də ətraf mühitə təhdid olan bir dövlətə qoyulan sərmayələr sonradan iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq çağırışları qulaqardına vurmaqdır. Buna görə də hər bir investoru Ermənistana sərmayə yatırmamışdan əvvəl ciddi düşünməyə dəvət edirik”.