Vyetnamda parlament seçkisi keçirilir
Pekin, 23 may, AZƏRTAC
Vyetnam Sosialist Respublikasında Milli Assambleyaya və yerli qanunverici orqan funksiyasını oynayan Xalq şuralarına seçkilər keçirilir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, səhər saat 7-də başlayan səsvermə prosesi ölkə üzrə təxminən 80 min məntəqə üzrə təşkil olunub. Ölkədə 69 milyon seçicinin səsvermədə iştirak hüququ var.
Vyetnamın 500 yerlik parlamentinə deputat seçilmək üçün 866 nəfərin namizədliyi irəli sürülüb. Vilayətlərin Xalq şuralarına 3726, rayonların Xalq şuralarına 22 min 953, daha aşağı yaşayış məntəqələrinin Xalq şuralarına isə 242 min 312 nəfər üzv seçilməlidir.
Mayın 22-də bəzi yaşayış məntəqələrində erkən səsvermə təşkil olunub.
Vyetnamda qanunverici orqanlara 5 ildən bir keçirilən seçki bu il COVID-19 pandemiyası ilə əlaqədar epidemiya əleyhinə sərt qaydalara uyğun təşkil olunur. Dövlət Seçki Komissiyası seçicilərdən məntəqə seçki komissiyalarında olarkən maska taxmağı, sosial məsafəni qorumağı xahiş edib. Xəstəxanalarda, izolyasiya yerlərində və karantin tətbiq olunan yaşayış məntəqələrindəki seçicilərin səsvermədə iştirakını təmin etmək üçün səyyar qruplar fəaliyyət göstərir.
Yerli vaxtla saat 19:00-da başa çatacaq səsvermənin nəticələri 20 gün ərzində açıqlanacaq.
Qeyd edək ki, Milli Assambleya Vyetnamın qanunverici orqanı olmaqla yanaşı, dövlət hakimiyyətinin ali orqanı kimi ölkə prezidentini, Baş naziri, Ali Xalq Məhkəməsinin sədrini, Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin