“Wednesday” serialı iki mövsümə qədər uzadılıb
Bakı, 7 yanvar, AZƏRTAC
“Wednesday” serialı ikinci mövsüm də davam edəcək. Filmin davamını MGM studiyasını 8,5 milyard dollara satın alan “Amazon” kompaniyası çəkə bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Netflix” servisinin məlumatında deyilir. Serialın ikinci mövsümünün nə vaxt başlanacağı elan olunmayıb.
“The Addams Family” (“Addams ailəsi”) filminin baş qəhrəmanı Wednesday Addamsa həsr olunan serialın birinci mövsümünün səkkiz seriyası noyabrın 23-də “Netflix” servisində yayımlanıb və ilk həftə ərzində izləndiyi saatların sayına (341 milyon saat) görə platformanın yeni rekordunu müəyyən edib. Film, həmçinin dekabr ayının ilk 28 günündə 1,2 milyard saatdan çox izlənilib və bu göstərici üzrə ingilis dilində yayımlanan ikinci serial olub.
Serial Wednesday Addamsın “Nevermore” Akademiyasındakı təhsil illərindən bəhs edir. O, ekstrasens qabiliyyətləri ilə silsilə qətlləri dayandırmağa və valideynlərinin 25 il əvvəlki mübahisəsinin sirrini açmağa çalışır.
“Netflix” 2013-cü ildən bəri seriallar, habelə filmlər və televiziya proqramlarının hazırlanması ilə məşğul olur. Həmin filmlərə studiyanın multimedia platformasında ödənişli abunə ilə baxmaq mümkündür. Hazırda servis təxminən 200 ölkədə əlçatandır.