REGİONLAR
Xaçmazda 599 nəfər tələbə adını qazanıb
Xaçmaz, 28 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan və respublika fənn olimpiadasının qalibi olan şagirdlərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Xaçmaz rayonunda orta məktəbi bitirən məzunlardan 599 nəfər tələbə adını qazanıb, onlardan 30-u 600-dən, 89-u isə 500-dən yuxarı bal toplayıb. Bundan başqa, rayon üzrə 11 şagird respublika fənn olimpiadasının qalibi olub.
Yüksək nəticə göstərən şagirdlərlə görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək, tələbə adını qazanan gəncləri və olimpiada qalibi olan şagirdləri təbrik edib, onlara bacarıqlı gənc kadrlar kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar.
Görüş zamanı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə və fənn olimpiadasının qalibi olan şagirdlərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.