Xalq Lideri yetişdirir, Lider isə xalqın gələcəyinə xidmət edir
Kiyev, 12 dekabr, AZƏRTAC
Ukrayna Milli İnformasiya Agentliyi (Ukrinform) öz saytında “12 dekabr ümummilli lider Heydər Əliyevin xatirə günüdür. Xalq Lideri yetişdirir, Lider isə xalqın gələcəyinə xidmət edir” sərlövhəli böyük məqalə yerləşdirib.
Materialın müəllifi hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Jurnalistlər İttifaqının üzvü Arif Quliyevdir.
Müəllif yazır: “Ümummilli lider Heydər Əliyevin xatirə günü bizi - müstəqil Azərbaycanın müasir vətəndaşlarını labüd olaraq öz tarixi keçmişimizə qaytarır. Burada itkilərin kədəri, taleyüklü nailiyyətlərin və parlaq qələbələrin sevinci üzvi surətdə cəmləşir”.
Professor sözünə davam edərək qeyd edir: “Heydər Əliyev haqqında yazmaq asandır, çünki bu barədə yazan insanın əlini fikri və qəlbi idarə edir. Lakin bu, eyni zamanda çox mürəkkəb məsələdir, çünki bu böyük şəxsiyyətin zəfərlərinin diapazonunu, qəlbinin genişliyini, onun dünya siyasətinə təsirini, ölkənin, xalqın, Azərbaycanda yaşayan hər bir insanın həyatı üçün bu ya digər dərəcədə əhəmiyyətini qəzet sətirlərində əks etdirmək qeyri-mümkündür”.
Məqalədə ulu öndər Heydər Əliyevin həyatının ən mühüm mərhələləri, dövlət quruculuğu və ölkənin iqtisadi dirçəlişi sahəsində gərgin fəaliyyəti, Ulu Öndərin siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etməkdə olan dünya dövlətləri sırasına daxil olması barədə danışılır.
Materialda Heydər Əliyevin Ukrayna xalqına, Ukrayna dövlətinə məhəbbətindən də söhbət açılır. Məqalədə qeyd edilir ki, Heydər Əliyev sovet hökumətinin rəhbərlərinin ali eşelonunda olduğu dövrdə Ukrayna üçün də çox iş görüb. Bunu təsdiq edən faktlar göstərilir. 80-ci illərin axırlarında Dunayın Dneprlə birləşdirilməsi haqda bir layihə irəli sürülmüşdü. Bu, çox böyük ekoloji fəlakətə səbəb ola bilərdi. Heydər Əliyev həmin layihənin müəlliflərini bu niyyətdən daşınmağa inandıra bildi. Bundan əlavə, onun köməyi ilə “Obolon” zavodu tikilib istifadəyə verildi. Heydər Əliyevin təşəbbüsü ilə Ukraynada uşaq qidası fabriki tikilib. O, Kiyev metropoliteninin tikintisinə də kömək edib.
Materialın sonunda deyilir: “Bu gün, dekabrın 12-də Ukrayna xalqının sədaqətli dostu, bu dost ölkə ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə həmişə xüsusi diqqət yetirən Heydər Əliyevin vəfatından 11 sonra onun nurlu xatirəsi Ukraynada böyük minnətdarlıq hissi ilə yad edilir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev