Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən sakinlər maarifləndirilib
Bakı, 27 noyabr,AZƏRTAC
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi prioritet vəzifələr sırasında yer alır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunda bu kateqoriyadan olan şəxslər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulub. Həmin tədbirlərdən biri də dövlət büdcəsi hesabına ödənilən vahid aylıq müavinətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan və geri dönüşə hazırlaşan əhali arasında aparılan məlumatlandırma və maarifləndirmə tədbirlərində sosial müdafiə mexanizmləri, vahid aylıq müavinətdən yararlanma qaydaları və müavinətin qanunvericiliklə müəyyən olunmuş müddətləri ətraflı izah edilir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, ərazilərin minalardan və partlayıcı hərbi sursatlardan təmizlənməsi istiqamətində aparılan praktiki işlərlə yanaşı, əhalinin maarifləndirilməsi də sistemli şəkildə davam etdirilir.
Bu çərçivədə növbəti maarifləndirici tədbir Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən ailələr üçün Dövlət Komitəsində təşkil olunub. Görüş zamanı məcburi köçkünlərin sosial müdafiəsinə dair hüquqi çərçivə, vahid aylıq müavinətin daimi yaşayış yerinə qayıtdıqdan sonra üç il ərzində ödənilməsi barədə məlumat verilib. Həmçinin mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib.
Qeyd edilib ki, sözügedən maarifləndirici materiallar mediada mütəmadi olaraq yayımlanır. Dövlət Komitəsi tərəfindən tədbirlər planına uyğun olaraq yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri ilə birgə məcburi köçkünlər arasında qanunvericiliyin tələblərinə dair görüşlər keçirilir, broşürlər və məlumat kitabçaları hazırlanaraq əhaliyə təqdim olunur, maarifləndirici videoçarxlar hazırlanır.