Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda akkreditə edilən xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə məlumat verilib və onların sualları cavablandırılıb.
On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.